Həftənin Ən Kritik Görüşü| ABŞ və Rusiya Səudiyyədən “köçəcək”? – Ankara-Kiyev zirvəsindən çıxarışlar

2025/02/1740225124.jpg
Oxunub: 886     20:23     22 Fevral 2025    
Bu həftə Türkiyə və Ukrayna prezidentləri arasında görüş kifayət qədər simvolik başlanğıca malik idi: Rəcəb Tayyib Ərdoğan iqamətgahının girişində Volodimir Zelenskini şəxsən qarşıladı, sonra isə üzbəüz danışıqlar apardılar. Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər iştirak edirdilər.

Nümayəndə heyətləri səviyyəsində müzakirələr iş yeməyi ətrafında davam etdirildi. “Anadolu” agentliyi bu təfərrüatları təqdim etdi və açıq şəkildə Türkiyə-Ukrayna zirvəsinin xüsusi isti atmosferdə keçdiyini nəzərdə tutdu. Ərdoğan-Zelenski görüşü Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibinin üç ildən artıq fasilədən sonra Səudiyyə Ərəbistanının paytaxtında danışıqlar masası arxasına əyləşdiyi bir vaxtda baş tutdu.

Üstəlik, Ərdoğan Zelenski ilə keçirdiyi mətbuat konfransında Rusiya-ABŞ müzakirələrinin mümkün “kompromis” atmosferinə diametral şəkildə əks bəyanatla çıxış etdi. O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olaraq qaldığını bir daha təsdiqlədi. Ərdoğan təcrübəsiz siyasətçi deyil, o, çətin ki, ABŞ-nin Rusiya və Ukraynaya kompromislərə hazırlaşmağı təklif etdiyini bilmir.

Bir gün əvvəl Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşdü və şübhəsiz ki, Vaşinqtonun Moskva və Kiyevə təqdim etməyə hazırlaşdığı Ukrayna nizamlanmasına dair ən azı ümumi mənzərəni Ərdoğana çatdırdı. Bu kontekstdə Ukraynanın suverenliyi və ərazi bütövlüyündən diplomatik-xarici siyasət prioriteti kimi danışmaq təkcə Rusiyaya deyil, həm də ABŞ-yə birbaşa qarşı çıxmaq deməkdir.

Eyni zamanda, Ərdoğan bəyan etdi ki, Rusiya və Ukrayna Türkiyə ilə qonşu ölkələrdir və Ankara Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etməlidir. O, Türkiyənin Rusiya-Ukrayna danışıqları üçün ilk platformanı təmin etdiyini xatırlatdı və əlavə etdi ki, ölkəsi Rusiya-ABŞ danışıqları üçün ən uyğun yerdir. Rusiya-ABŞ “tarix yeri” kimi isə Səudiyyə Ərəbistanı seçildi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda bildirdi ki, danışıqlar başlamazdan əvvəl o və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman Əl-Səud tərəfindən qəbul ediliblər, görüş təxminən 1 saat davam etdi. Böyük ehtimalla Səudiyyə Ərəbistanının vəliəhdi eyni protokol qaydasında Rubionu da qəbul etdi.

Bu isə o deməkdir ki, Rusiya və ABŞ böyük ehtimalla səudiyyəlilərin vasitəçiliyi ilə Ər-Riyadda növbəti təmaslar qurmaq niyyətindədir. Lavrov-Rubio görüşündə Putin-Tramp sammitinin keçirilməsi ilə bağlı konkret razılıq əldə olunmadı. Uşakov ən azından mətbuata belə bir görüşün gələn həftə keçirilməyəcəyini bildirdi. Rusiya və ABŞ prezidentlərinin əl sıxmasının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin iştirakı ilə baş tutması ehtimalı yüksəkdir.

Türkiyə prezidenti isə öz vasitəçiliyini təklif edir. Göründüyü kimi, onun Ukraynanın ərazi bütövlüyünün zəmanəti ilə bağlı bəyanatı diplomatik mesajdır. Bu, Vaşinqton və Moskvada necə qarşılanacaq? Rusiya xarici işlər nazirindən fərqli olaraq, ABŞ dövlət katibi Ukrayna nizamlanmasında Avropa İttifaqının iştirakının mümkünlüyündən danışdı. Mənbələr Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə çağırılan qeyri-rəsmi konfransda Ukraynaya hərbi yardımla bağlı razılığın əldə olunmadığını bildirir.

Türkiyə Ukraynaya hərbi dəstəyi davam etdirməyə və hətta artırmağa hazır olan Avropa ölkələrinə qoşula bilərmi? Bəlkə ABŞ-nin diplomatiyası Türkiyəni Rusiya ilə qarşıdurmaya hazırlayır? Türkiyənin də Ukrayna nizamlanmasından qanuni gözləntiləri var.

Bəs Rusiya Qara dənizi Türkiyə ilə paylaşmağa hazırlaşırsa, o zaman “Novorossiya”nı yaratmağın nə mənası var? Axı Krım və həmin ərazilər vaxtilə Osmanlı imperiyasının tərkibində olub və bir neçə qanlı müharibədən sonra Rusiyaya birləşdirilib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin